Qabor VONA: Ermənistanın Azərbaycana
təcavüzünü pisləyən
qətnamə hazırlayıb Macarıstan parlamentinə təqdim
etmişik
İyunun
1-də Milli Məclisin İnsan hüquqları komitəsinin sədri
Rəbiyyət Aslanova Macarıstanın ölkəmizdə səfərdə
olan "Daha yaxşı Macarıstan uğrunda"
partiyasının sədri Qabor Vona və Macarıstan-Azərbaycan
parlamentlərarası dostluq qrupunun sədri Marton
Döndöşi ilə görüşmüşdür.
AzərTAc
xəbər verir ki, R.Aslanova ölkələrimiz
arasındakı əlaqələrin dərin tarixi kökləri, Azərbaycan dövlət müstəqilliyini
bərpa etdikdən sonra qurulan diplomatik münasibətlər
barədə danışmış, hər iki tərəfdən
dövlət və hökumət rəsmilərinin,
parlamentarların qarşılıqlı səfərlərinin
siyasi, iqtisadi, elmi, mədəni əməkdaşlığın
inkişafına güclü təkan verdiyini diqqətə
çatdırmışdır.
Bildirilmişdir
ki, müstəqil Azərbaycan sivil, demokratik, hüquqi dövlət
quruculuğu yolunda əzmlə irəliləyir. Ölkəmizdə
söz, fikir və insan hüquq və azadlıqlarının
qorunmasına xüsusi önəm verilir. Komitə sədri
Dağlıq Qarabağ münaqişəsi və Xocalı soyqırımı
ilə bağlı məsələlərdə macar
deputatların Azərbaycanın haqlı mövqeyini dəstəklədiklərini,
beynəlxalq qurumlarda səsimizə səs verdiklərini minnətdarlıqla
qeyd etmişdir.
Görüşdə
"Daha yaxşı Macarıstan uğrunda"
partiyasının sədri Qabor Vona başçılıq etdiyi
qurum barədə ətraflı məlumat vermişdir. Əsasən
35 yaşınadək gənclərin toplaşdığı
bu siyasi partiyanın 2010-cu ildə ilk dəfə seçkilərdə
iştirak etdiyini və seçicilərin 17 faizinin səsini
qazandığını demişdir.
Qabor
Vona vurğulamışdır ki, Azərbaycan onlar
üçün olduqca böyük əhəmiyyətə
malik ölkədir. Xalqlarımız arasında daha sıx əlaqələrin
yaradılması üçün geniş imkanlar vardır.
Onun rəhbərlik etdiyi partiya Macarıstan əhalisini Azərbaycanın
qarşılaşdığı problemlərlə yaxından
tanış etməyə çalışır. Q.Vona
Dağlıq Qarabağ münaqişəsi ilə
bağlı Ermənistanın təcavüzünü pisləyən
qətnamə hazırlayıb Macarıstan parlamentinə təqdim
etdiklərini bildirmişdir.
Macarıstan-Azərbaycan
parlamentlərarası dostluq qrupunun sədri Marton
Döndöşi macar deputatların Azərbaycanın ərazi
bütövlüyünü dəstəklədiyini diqqətə
çatdıraraq, parlament diplomatiyasının əhəmiyyətindən
söz açmış, beynəlxalq qurumlarda, o cümlədən
Avropa Şurası Parlament Assambleyasında Azərbaycana dair məsələlərin
müzakirəsində həmişə ölkəmizin
mövqeyini müdafiə etdiklərini
vurğulamışdır.
M.Döndöşi
Bakıda keçirilən II Ümumdünya Mədəniyyətlərarası
Dialoq Forumu haqqında müsbət fikirlər söyləmiş,
tədbirin bütün iştirakçılar
üçün çox faydalı olduğunu qeyd etmişdir.
Görüşdə
qarşılıqlı səfərlərin intensivləşdirilməsinin
vacibliyinə toxunulmuş, bir
sıra məsələlər ətrafında geniş fikir
mübadiləsi aparılmışdır.
Azərbaycan.-2013.- 2 iyun.- S.4.